Usman Nurmaqomedovun məşqçisi Xavyer Mendes döyüşçünün gələcək planları barədə danışıb. O bildirib ki, dekabr ayında Usmanın hansı təşkilatda çıxış edəcəyi dəqiqləşəcək.
Offsideplus.az xəbər verir ki, Mendes bu barədə belə deyib: "Üç aydan sonra istənilən təşkilatla danışıqlara başlamaq mümkün olacaq – danışıqlar üçün qoyulan qadağa müddəti bitdikdən sonra. Mənim bildiyimə görə, dekabrın əvvəlində və ya sonunda onun meneceri bütün liqalarla danışıqlar apara biləcək. Ona görə də indi yayılan heç bir xəbərə inanmayın, hətta inandırıcı səslənsə belə. Dekabrda, çox güman, Usmanın PFL-də qalacağı, yoxsa başqa təşkilata keçəcəyi məlum olacaq".
Qeyd edək ki, 31 iyulda Usman Nurmaqomedov Arçi Kolqan üzərində qələbə qazanıb. Bu, onun PFL-dəki son döyüşü olub və bundan sonra o, azad agent statusu alıb. Lakin təşkilatın eksklüziv danışıqlar üçün müəyyən müddəti var. Xabib Nurmaqomedovun qardaşı deyib ki, 1 milyon dollar bu səviyyədə döyüşçü üçün azdır.


