Misli Premyer Liqasının IV turunda sarı vərəqə limitini aşan 4 klub AFFA İntizam Komitəsi tərəfindən ümumilikdə 2 800 manat məbləğində cərimələnib.
Offsideplus.az xəbər verir ki, buna səbəb qarşılaşmalar zamanı futbolçuların kütləvi şəkildə xəbərdarlıq alması olub.
Sentyabrın 4-də baş tutan "Kəpəz" – "Şamaxı" matçında gəncəlilərin 6, qonaqların isə 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki kollektiv 700 manat ödəməli olacaq.
Sentyabrın 6-da keçirilən "Turan Tovuz" – "Sumqayıt" görüşündə də eyni mənzərə yaranıb. Tovuz təmsilçisinin 5, qonaqların isə 6 futbolçusu xəbərdarlıq aldığına görə hər iki klub analoji olaraq 700 manat cəriməyə məruz qalıb.


