“Sabah”ın Avropadakı çıxışı klubun qarşısında yeni imkanlar açıb. Lakin əldə olunan maliyyənin və diqqətin necə dəyərləndiriləcəyi ən azı meydandakı nəticələr qədər önəmlidir.
Klubun akademiya ilə bağlı yeni layihə elan etməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısı İlham Əliyev “Sabah” üçün 5 milyon manat ayırdı. Klub bunun üzərinə də 5 milyon manat əlavə edərək “Sabah Football Academy Future Talents” proqramını yaratdı. Bu göstərir ki, "bayquşlar" yalnız hazırkı heyətin gücləndirilməsinə deyil, uzunmüddətli planlara da fokuslanır.
Azərbaycan futbolunda ən böyük problemlərdən biri keyfiyyətli yerli futbolçu yetişdirməkdir. İllərdir klublar hazır oyunçu axtarışına daha çox üstünlük verir, aşağı yaş qruplarının inkişafı isə bəzən ikinci plana keçir. Nəticədə legioner bazarından asılılıq artır, yerli futbolçular üçün rəqabət imkanları azalır.
“Sabah”ın qarşısında isə indi fərqli bir fürsət var. Çempionlar Liqasındakı uğurun gətirdiyi əlavə gəlir yalnız bugünkü komandanın səviyyəsini yüksəltmək üçün istifadə edilməsə, klub illər sonra da bunun bəhrəsini görə bilər. Akademiyaya qoyulan hər manat bir neçə ildən sonra meydana çıxacaq futbolçuya çevrilə bilər.
Əsas ümid verən məqam odur ki, klubun prezidenti Maqsud Adıgözəlovun "Report"a açıqlamasında bildirdiyi kimi, 10 milyon manat hələlik ilkin kapitaldır. Yəni bu, xərclənib bitəcək məbləğ deyil, əsas işlər qarşıdadır.
Söhbət təkcə “Sabah”dan getmir. Bir klub öz büdcəsini necə idarə edirsə, digərləri də bundan nəticə çıxara bilər. Azərbaycan futbolunda davamlı inkişaf istəyiriksə, hər mövsüm yeni legionerlərin gətirilməsi ilə yanaşı, yerli futbolçuların yetişdirilməsinə də eyni ciddiyyətlə yanaşılmalıdır.
Təbii ki, bütün klubların maliyyə imkanları eyni deyil. Amma keyfiyyətli, davamlı akademiya qurmaq üçün ilk növbədə böyük büdcədən çox, düzgün strategiya lazımdır. Kiçik imkanlarla belə sistemli iş qurmaq mümkündür.
Bu gün avrokubokda qazanılan milyonlar bir neçə transferə xərclənib tezliklə unudula bilər. Akademiyaya yatırılan vəsait isə illər sonra həm kluba, həm də milli komandaya futbolçu kimi qayıda bilər. “Sabah” da adı kimi sabahı düşünüb belə addım atırsa, bunu yalnız alqışlamaq lazımdır.


