Düz 12 il əvvəl başlayan bir Avropa nağılı, elə başladığı nöqtədə - "Tvente" səddində qırıldı. "Qarabağ" 12 mövsümlük möhtəşəm seriyanın ardından ilk dəfə avrokubokların əsas mərhələsindən kənarda qaldı. Qurban Qurbanovun kollektivi Niderland təmsilçisinə yenilərək Konfrans Liqasında mübarizəni dayandırdı və uzun illər davam edən böyük maratona məcburi fasilə verdi.
Tarixin bu qəribə təsadüfü - 2014-cü ildə elə "Tvente" ilə başlayan 12 illik möhtəşəm yürüşün yenə bu klubla kəsilməsi sadəcə bir statistik fakt deyil. Bu vidanı çöküş və ya fəlakət kimi deyil, kənd təsərrüfatından gələn bir deyimlə xarakterizə etmək daha doğru olar: "Nadasa buraxmaq".
Torpağın güclənməsi, itirdiyi nəmi, mineralları, bərəkəti bərpa etməsi və növbəti illərdə daha bol məhsul verməsi üçün onu bir mövsümlük boş - əkilmədən saxlayarlar. "Qarabağ"ın da bu mövsüm yaşadığı tam olaraq budur. İllərdir həm daxili cəbhədə, həm də Avropanın nəhəng meydanlarında fasiləsiz döyüşən, yorulan və köhnələn mexanizmin nəfəs dərməyə, yenilənməyə ehtiyacı var idi.
Komandanı Abdullah Zubir, Kevin Medina, Leandro Andrade, Kamilo Duran və Toral Bayramov kimi illərdir uğurun yükünü çiyinlərində daşıyan aparıcı simalar tərk edib. Əvəzində heyətə 10 yeni futbolçu qoşulub. Bu, sadəcə idmançı dəyişikliyi deyil, köklü bir yenilənmə prosesi, yeni bir "Qarabağ"ın təməl daşlarının qoyulmasıdır. Yeni gələnlərin Qurban Qurbanov fəlsəfəsini həzm etməsi və komanda sisteminə uyğunlaşması zaman tələb edir.
Bəzən daha uzağa tullanmaq üçün bir neçə addım geri çəkilmək lazımdır. Torpaq bir mövsüm dinlənər, qüvvə toplayar və növbəti baharda daha məhsuldar geri dönər. "Qarabağ" bu mövsüm Avropasız qalsa da, əslində öz torpağını gələcək böyük zəfərlər üçün hazırlaşdırır. Bu bir son deyil - daha böyük uğurlar öncəsi "nadas" dövrüdür.


