Keçmiş "Çelsi" yarımmüdafiəçisi Con Obi Mikel "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr barədə sərt fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, Obi Mikel Maquayrın "Mançester Yunayted" səviyyəsində oyunçu olmadığını bildirib:
"Əgər əsas mərkəz müdafiəçiniz Harri Maquayrdırsa, deməli, ciddi problemləriniz var. O, heç vaxt "Mançester Yunayted" səviyyəsində futbolçu olmayıb, heç vaxt klubun sisteminə uyğun gəlməyib. Orada yeddi-səkkiz mövsüm keçirməsi inanılmazdır. Necə oldu ki, bu qədər müddət komandada qaldı? Mən bunu anlaya bilmirəm, amma hələ də oradadır və əsas müdafiəçi sayılır. Bu, böyük problemdir.
"Hall" ilə oyunda ilk qolda o, öz komanda yoldaşını tutdu və hücumçunun qarşısını almağa imkan vermədi. O nə edirdi? Mən heç başa düşə bilmirəm. Komandada Lisandro Martines, Matteys de Liqt, Leni Yoro kimi oyunçular var. Amma niyə hələ də start heyətində yer alır, bilmirəm. Təcrübəli futbolçunun heyətdə olması yaxşıdır, amma o, əsas heyətin oyunçusu olmamalıdır, bir nömrəli mərkəz müdafiəçisi seçilməməlidir. O, topu çox yavaş idarə edir, ötürmə verməzdən əvvəl dörd dəfə toxunur. Topla nə edəcəyini bilmir, top ayağında olanda itir. Mərkəz müdafiəçisi topu daha sürətli hərəkət etdirməlidir, amma Maquayr bunu yetərincə tez edə bilmir və komandanın tempinə uyğunlaşa bilmir".


