Serbiyalı basketbolçu Marko Quduriç ötən mövsüm "Olimpia Milano"da çıxış edib. O, klubun baş məşqçisi Ettore Messinanın noyabr ayında komandadan ayrılması barədə təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, Quduriç qısa müddət ərzində Messina ilə işləməyin onun üçün ən yaxşı variant olduğunu bildirib: "Bizim əməkdaşlığımız çox gözəl keçdi. Cəmi 3-4 ay davam etdi, amma hər şey yüksək səviyyədə idi. Messina zədəmə görə vəziyyəti anlayırdı, daim dəstək olurdu və şəxsi söhbətlərimiz çox konstruktiv idi. Mənim üçün hər şey əla idi, amma digər oyunçular barədə danışa bilmərəm. Komandanın son illərdə uğur qazana bilməməsi və artan təzyiq Messinanı çox yükləmişdi. O, mövsümün sonunda komandadan ayrılmağı planlaşdırırdı, lakin noyabrda artıq təzyiqə tab gətirə bilmədi. "Trieste"yə uduzduqdan sonra altı saatlıq avtobus səfəri zamanı qərarını açıqladı. Ertəsi gün bizi toplayıb etiraf etdi ki, son EuroLeague oyununda zalın pilləkənlərindən qalxarkən artıq bu yükü daşıya bilmədiyini başa düşüb. O, səmimi idi. Messina klubda qalsa da, məşqçi kimi fəaliyyət göstərmədi. Bu bir qədər qəribə hiss idi, çünki o, 2-3 ay məşqlərdə görünmürdü ki, Poeta və digərlərini narahat etməsin. Amma hər zaman digər məsələlər üçün əlçatan idi".


