Misli Premyer Liqasının 2026/27 mövsümü start götürür. Bu mövsümün əvvəlkilərdən də maraqlı keçəcəyinə şübhə yoxdur.

Offsideplus.az turnir cədvəlində komandaların hansı pillələr uğrunda mübarizə aparacağı ilə bağlı yazını təqdim edir.

Çempionluq uğrunda

"Sabah"ın yenə də əsas hədəfi çempionluq olacaq. Əslində, ötən mövsümün startında belə bir iddia yox idi, bu məqsəd sonradan formalaşdı. Lakin ötən futbol ilində çempion olan komandanın hədəfi, sözsüz ki, dəyişməz olaraq qalacaq.

"Qarabağ" uzun müddətdir çempionatda dominantlıq edir. Əlbəttə ki, onların da hədəfi çempionluqdur. Heyətdən 9 futbolçu göndərilib, yerinə 8 yeni oyunçu gətirilib. Demək olar ki, heyət tamamilə yenilənib. "Qarabağ" kimi klubun qarşısına qoyduğu məqsəd hər kəsə bəllidir.

90 illik yubileyini qeyd edəcək "Neftçi" də çempionluq iddiasındadır. Artıq rəhbərlik də bunu açıq şəkildə dilə gətirir. Yoxlama və avrokubok oyunları böyük ümid verməsə də, fakt faktlığında qalır: hədəf zirvədir.

"Turan Tovuz"un ötən mövsüm də məqsədi çempionluq idi, bu dəfə də belə olacaq. Artıq komandanın büdcəsi də artıb. Qərb təmsilçisinin prezidenti Ehtiram Quliyev də iddialarını gizlətmir.

Nə qədər çətin olsa da, "Zirə"nin də çempionluq vaxtı çatıb. Bu dərəcədə sabit çıxış edə bilən komandaların sayı çox azdır. Bu kollektiv də çempionluq kubokunu qaldıra bilər — son 5 kubok yarışında 3 dəfə finala yüksəliblər. Yeganə problem maliyyə baxımından digər 4 klubdan geri qalmalarıdır. Lakin Rəşad Sadıqov baş məşqçi kimi tam püxtələşib və çempionluq sevincini yaşatacaq gücdədir.

Orta pillələr uğrunda

"Sumqayıt"ın bir az də böyük büdcəsi olsa, bəlkə də hədəfləri çempionluq olar. Ötən mövsüm bir müddət "qara zolağa" düşsələr də, sonradan toparlanmağı bacardılar. Klubun əsas hədəfi orta pillələrdən birini tutmaqdır. Çempionluq iddiasında olanlar çox olduğu üçün avrokubok zonası bir qədər uzaq görünür. Amma "Sumqayıt" bu zonaya düşməyi bacarsa, təəccüblənməmək lazımdır.

"Araz-Naxçıvan"ın elitanı tərk edəcəyini düşünənlər olsa da, hazırkı heyət və büdcə müqayisəsində ortabab komanda kimi formalaşmalıdır. Bu səbəbdən Naxçıvan təmsilçisinin ən azı ilk "səkkizlik"də yer alacağını təxmin etmək olar.

"Qəbələ" ötən mövsüm mənfi mənada hər kəsi təəccübləndirmişdi. Amma bu elə bir klubdur ki, heç kim onların hədəfinin yalnız elitada qalmaq olduğuna inanmaq istəmir. Artıq büdcə artırılıb, yeni transferlər olunub. Onlar maksimum yuxarı pillələr uğrunda mübarizə aparacaqlar.

Elitada qalmaq uğrunda

"Kəpəz" adı və Gəncə futbol ənənəsi təbii ki, çempionluq istəyər. Amma reallıqdan uzaqlaşmaq olmaz. Komandanın baş məşqçisi və kapitanı saytımıza açıqlamasında əsas məqsədi açıqlayıblar: "Elitada yerimizi qorumaq və mümkün qədər irəliləmək". Bu, tamamilə başadüşüləndir, çünki klubun büdcəsi məhduddur. Amma "Kəpəz" azarkeşlərinin məyus olmasına lüzum yoxdur — bu heyət yuxarı pillələr uğrunda da dirəniş göstərəcək.

"Şamaxı" və "Şəfa" haqqında çox söz deməyə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Azər Bağırov amili "şirlər"i daha şanslı göstərir. "Şəfa" təcili çıxış yolu tapmasa, vəziyyəti heç də ürəkaçan olmayacaq.