Avqustun 27–29-da ölkəmizdə ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi təşkil olunacaq.
Offsideplus.az xəbər verir ki, hər iki mötəbər yarış “Sea Breeze” istirahət mərkəzində baş tutacaq.
Tədbir çərçivəsində avqustun 27-də reallaşacaq U-17 dünya çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə pəhləvan mübarizəyə qoşulacaq. Oğlanlar 60, 70, 80 və 90 kq, qızlar isə 45, 55, 65 və 75 kq çəki dərəcələrində medallar uğrunda yarışacaqlar.
Avqustun 28-dən 29-dək isə böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi keçiriləcək. Bu yarışda 60-dan çox idmançı qüvvəsini sınayacaq. Kişilər 70, 80, 90 və +90 kq, qadınlar isə 50, 60, 70 və +70 kq çəkidə xalçaya (qum üzərinə) çıxacaqlar.
Ümumilikdə, 34 ölkədən 200-dən artıq pəhləvan Xəzər dənizinin sahilində fəxri kürsüyə qalxmaq üçün yarışacaq.


