3–8 avqust tarixlərində Bakıda Dünya Güləş Birliyinin (UWW) "More Than Medals" düşərgəsinin 10 illik yubileyi keçirilib.
Offsideplus.az xəbər verir ki, UWW-nin rəsmi yazısında tədbirin rekordla yadda qaldığı bildirilib. UWW-nin İnkişaf Departamenti tərəfindən təşkil edilən yubiley düşərgəsində 21 ölkədən 74 idmançı və 21 məşqçi olmaqla, ümumilikdə 95 iştirakçı yer alıb. Bu, layihə tarixinin ən yüksək göstəricisidir.
UWW prezidenti Nenad Laloviçin təşəbbüsü ilə baş tutan düşərgədə texniki və fiziki məşqlərlə yanaşı, antidopinq, iqlim dəyişikliyi və ətraf mühitlə bağlı maarifləndirici təlimlər, həmçinin mədəni-əyləncəli proqramlar təşkil olunub.
Tədbir çərçivəsində olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov gənc idmançılarla təcrübələrini bölüşüblər. Azərbaycanın U17 yunan-Roma güləşi üzrə milli komandasının böyük məşqçisi Rafiq Hüseynov, UWW-nin İnkişaf Departamentinin direktoru Deqa Niamkey, həmçinin Tunis, Meksika, Əlcəzair və Argentina nümayəndələri düşərgənin yüksək səviyyədə təşkilinə, səmimi qonaqpərvərliyə və gənc idmançıların inkişafındakı roluna görə Azərbaycan Güləş Federasiyasına təşəkkürlərini bildiriblər.
Bakıdakı yubiley tədbiri Azərbaycanın beynəlxalq güləş ailəsində mühüm layihələrə ev sahibliyi etmək imkanlarını bir daha nümayiş etdirib.


