2-ci Liqada çempion olaraq 1-ci Liqaya vəsiqə qazanan “Xankəndi” ötən mövsümdən etibarən təmsil etdiyi şəhərdə oynamaq istəyini gizlətmir. Xankəndi təmsilçisinin yeni mövsümdə iddialı olacağı gözlənilir.

Bəs komandanın ev oyunlarını Xankəndidə keçirməsinə icazə veriləcəkmi? Klubun meneceri Rəşad Babayev Offsideplus.az-ın bu barədə sualını cavablandırıb:

"Məsələ ilə bağlı dəqiq nəsə demək mümkün deyil. Stadion Gənclər və İdman Nazirliyinin balansındadır və orada hazırda təmir işləri gedir. Özümüz də gedib vəziyyətlə tanış olmuşuq, nazirliklə əlaqəmiz var. Hələ ki, bir yenilik yoxdur. Ən böyük arzumuz Xankəndidə oynamaqdır. Qarabağ Universitetində fanklubumuz yaradılıb və onların qarşısında meydana çıxmaq bizim üçün qürur olar. PFL rəsmiləri də bildiriblər ki, icazə verilsə, təşkilatçılıqla bağlı əllərindən gələnin ən yaxşısını edəcəklər. Buna görə onlara təşəkkür edirik. Lakin orada oynayıb-oynamayacağımız bizdən asılı olan məsələ deyil".