"Allaha şükür edirəm ki, mənə Avropa çempionatında gümüş medal qazanmağı nəsib etdi”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev deyib.

23 yaşlı idmançı Albaniyada keçirilən Avropa çempionatındakı çıxışını dəyərləndirib:

"Nəticədən narazı və məyus deyiləm. Ancaq mən hər zaman qızıl medal üçün hazırlaşıram. Hədəfim bütün yarışlarda yalnız çempionluqdur. Nəticə necə olacaq, buna artıq Allah qərar verir. Hər dəfə daha çox çalışıram. Həm fiziki, həm taktiki, həm də texniki elementlər üzərində artırmaq üçün ağır məşqlər edirəm. Təcrübəm yarışdan-yarışa artır. Ümid edirəm ki, növbəti yarışda Allah mənə çempionluq nəsib edər".

Qeyd edək ki, yarışı ümumilikdə 13 medalla yekunlaşdıran Azərbaycanın sərbəst güləş yığması qitənin ən güclüsü adına sahib çıxıb.