"Qarabağ" Azərbaycan çempionatları tarixində səfər qollarının sayını 700-ə çatdırıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Ağdam klubunun yubiley qolunun müəllifi Musa Qurbanlı olub. Gənc hücumçu Misli Premyer Liqasının XXIX turunda "Neftçi" ilə baş tutan səfər oyununda (5:1) hesabı açmaqla komandasının 700-cü səfər qolunu rəsmiləşdirib.
Rəqib meydanlarında indiyədək 488 matça çıxan Qarabag, vurduğu qolların ümumi sayını 704-ə yüksəldib. Orta məhsuldarlığı 1,44 olan Ağdam təmsilçisi bu göstərici ilə ölkə çempionatlarının mütləq rekordçusudur.
Qeyd edək ki, komandanın səfərdəki qol hesabını 1992-ci il mayın 9-da Cavanşir Novruzov açıb. O, "Plastik"lə görüşün (2:0) 55-ci dəqiqəsində fərqlənərək "atlılar"ın tarixinə ilk səfər qolunun müəllifi kimi düşüb.


