Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç sol yanaq sümüyünün sınığı səbəbindən əməliyyat olunacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı veteran futbolçunun çıxış etdiyi "Milan" klubu yayıb. 40 yaşlı oyunçu zədəni İtaliya A Seriyası çərçivəsində keçirilən "Yuventus"la matçda (0:0) Manuel Lokatelli ilə toqquşma zamanı alıb.

Meydanı oyunun bitməsinə 10 dəqiqə qalmış tərk edən Modriç, ağrıları olmasına baxmayaraq matçın sonuna qədər ehtiyat oyunçular skamyasında əyləşib. Lakin müayinələrdən sonra təcrübəli oyunçunun cərrahi müdaxiləyə ehtiyacı olduğu müəyyənləşib.

Qeyd edək ki, bu zədə ulduz futbolçunun karyerasında 5-ci olacaq Dünya Çempionatına qatılmasına bir neçə həftə qalmış baş verib.

Onun mundiala qədər fit vəziyyətə gələcəyi gözlənilir.