MVP x PFL təşkilatının baş icraçı direktoru Con Martin bildirib ki, hazırda Usman Nurmaqomedov yalnız PFL ilə danışıqlar apara bilər və UFC-dən heç bir təklif ala bilməz.

Offsideplus.az xəbər verir ki, Con Martin bu barədə açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb: "UFC ona heç bir təklif göndərməyib və buna hüquqları yoxdur. Bizim Usman Nurmaqomedovla eksklüziv danışıqlar dövrümüz var. Hazırda ona təklif hazırlayırıq və yaxın günlərdə danışıqlara başlayacağıq. Düşünürəm ki, təklifimiz rəqabətə davamlı olacaq. Hər şey Usmanın qərarından asılıdır. Onun bizimlə qalmasını çox istərdik. O, inanılmaz istedada malikdir və bizimlə işləməyə davam etməsini arzulayırıq. Amma əgər o, başqa yol seçərsə, təşkilatımızda çoxlu güclü döyüşçü və dinamik ekosistem var".

Qeyd edək ki, Usman Nurmaqomedov PFL-də son döyüşünü 1 avqust tarixində keçirib və Arçi Kolqanı nokautla məğlub edib. ABŞ-ın tanınmış döyüşçüsü Daniel Kormye isə Usman Nurmaqomedova UFC ilə müqavilə imzalamağı tövsiyə edib: "Əgər yüngül çəkidə zəif rəqiblər olduğunu düşünürsənsə, bunu sübut et".