Konfrans Liqasında ölkəmizi təmsil edən “Qarabağ” pley-off mərhələsində ilk oyununa çıxacaq. “Kəhər atlar” Niderlandın “Tvente” komandasının qonağı olacaq.
Bu iki klubun adını çəkəndə ağla gələn ilk futbolçulardan biri də Vaqif Cavadovdur. Hazırda U-20 milli komandamızı çalışdıran Cavadov həm “Qarabağ”ın, həm də “Tvente”nin formasını geyinib. Gənc mütəxəssis oyunla bağlı fikirlərini Offsideplus.az-la bölüşüb:
“Klubların heç biri mənə yad deyil. “Qarabağ”da illərlə oynayıb çempion ola bilməsəm də, bunu “Tvente” ilə bacarmışam. Azarkeşlərin sevinci, atmosfer… Hazırda hər iki komanda üzərində çalışır, böyük iş görür. “Qarabağ”da da ciddi dəyişikliklər olub. “Tvente”nin də hansı durumda olmağı hər kəsə bəllidir. Oyunun necə olacağına əvvəldən proqnoz verə bilmərik. “Qarabağ”da yenilənmə prosesi gedir. “Tvente” isə cavan və yaşlı futbolçuların sintezindən formalaşmış komandadır. Azarkeşlər üçün də maraqlı oyundur. Doğrudur, 12 il əvvəllə indini müqayisə etmək düzgün olmaz, xeyli dəyişikliklər olub. Güclü olan tərəf qalib gələcək”.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə 22:00-da start götürəcək.


