UFC-nin sabiq iki çəki dərəcəsində çempionu Con Cons, Daniel Kormyenin onun haqqında səsləndirdiyi fikirlərə yenidən cavab verib. Kormye son açıqlamasında Xabib Nurmaqomedovun 29-0 hesablı karyerasını tərifləyərkən, Consun yeganə məğlubiyyətini xatırladıb və bildirib ki, Xabib heç vaxt diskvalifikasiya olunmayıb və heç bir səhv etməyib.
Offsideplus.az xəbər verir ki, Cons sosial şəbəkədə Kormyeyə belə cavab verib: "UFC-də o qədər tez başladım ki, qaydaları belə bilmirdim. Matt Hamill ilə döyüşdüyüm gecə ilk dəfə ‘12-dən 6-ya’ zərbəsi ifadəsini eşitdim. Karyeram boyu əsas döyüşlərdə, titul uğrunda mübarizə aparmışam. Daniel Kormye, qardaşım, paxıllığın qanında o qədər dərin kök salıb ki. Dürüst desəm, Allahdan diləyirəm ki, səni bu hissdən sağaltsın və bir gün belə müsahibələr verməyə ehtiyac duymayasan. Hələlik isə, mənə qarşı bu ehtirasını görmək maraqlıdır."
Cons və Kormye UFC-də iki dəfə titul döyüşündə qarşılaşıb. İlk dəfə UFC 182-də Cons hakimlərin yekdil qərarı ilə qalib gəlib, ikinci döyüşdə isə baş zərbəsi ilə Kormyeni nokauta salıb. Lakin ikinci qələbə sonradan Consun dopinq testindən keçməməsi səbəbindən ləğv olunub. İki döyüşçü karyeralarını başa vursalar da, sosial şəbəkələrdə və müsahibələrdə bir-birinə qarşı sərt açıqlamalar verməyə davam edirlər.
Kormyenin son açıqlaması əsasən Xabib Nurmaqomedovun uğurlarını önə çəkmək məqsədi daşıyıb. O, əlavə edib: "Georges St-Pierre-in iki-üç məğlubiyyəti var, Demetrious Johnson da məğlub olub. Hətta İslam Maxaçev belə bir dəfə uduzub. Amma Xabib heç vaxt uduzmayıb. Bu, xüsusilə də UFC-də ilk illərində zərbələri güclü olmasa da, yalnız güləşə arxalanaraq məğlub olmaması ilə diqqət çəkir. Bu, həqiqətən də inanılmazdır."


