"Panatinaikos"un mövsümöncəsi hazırlıqları başlasa da, komandanın əsas oyunçularından Kendrick Nunn məşqlərdə iştirak edə bilməyəcək.

Offsideplus.az xəbər verir ki, keçmiş EuroLeague MVP-si sağ dizində medial menisk yırtığı səbəbindən oktyabrın əvvəlindən sonra meydana qayıdacaq. Klubun yaydığı rəsmi məlumata görə, Nunn ABŞ-da fərdi məşqlər zamanı zədələnib və 19 avqust tarixində uğurlu artroskopik əməliyyat keçirib. Oyunçunun bərpa müddətinin 6-8 həftə çəkəcəyi bildirilir.

Yunanıstan təmsilçisi və Nunn üçün sevindirici məqam odur ki, bu müddətdə cəmi bir neçə rəsmi oyunu buraxacaq. Bundan əlavə, Yunanıstan çempionatının finalında Tyrique Jones-la insidentə görə aldığı 2 oyunluq cəza da zədə dövründə qüvvədə olacaq. Nunn-un EuroLeague-də 4-cü turda "Fənərbaxça"ya qarşı keçiriləcək ev oyununda meydana dönəcəyi gözlənilir.