“Komandalar istəklidirlər, oynamaq və qələbə qazanmaq istəyirlər”.
Bu sözləri Misli Premyer Liqasının ilk turunu şərh edərkən Mahmud Qurbanov Offsideplus.az-a açıqlamasında deyib:
“İlk turdan göründü ki, avrokuboklarda oynayan və oynamış komandalar, yəni məşqlərə daha tez başlayan “Qarabağ”, “Sabah”, “Zirə” və “Neftçi” rəqiblərini məğlub etdilər. Deməzdim ki, asanlıqla qalib gəldilər, amma hər halda rəqiblərinə qalib gəlməyi bacardılar. Digər komandalar haqqında isə indidən nəsə demək tezdir. Çünki 1-ci turda komandaların, xüsusilə də fiziki durumunun hansı səviyyədə olduğunu tam qiymətləndirmək mümkün deyil. Bu da başadüşüləndir, çünki hələ cəmi bir tur keçirilib. Qarşıdakı çempionat oyunlarından sonra komandalar haqqında daha ətraflı fikir bildirmək olar. Sürpriz nəticə olmadı. Görünürdü ki, komandalar istəklidirlər, oynamaq və qələbə qazanmaq istəyirlər. Düşünürəm ki, çempionatın ilk turu üçün normal başlanğıc oldu”.


