İyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq "UFC FIGHT NIGHT: FIZIEV vs TORRES" turnirinin ikinci əsas döyüşündə orta çəkidə rusiyalı Şarabutdin "Şara Bullet" Maqomedov braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, "Şara Bullet" ləqəbli idmançı qarşıdakı döyüş barədə danışıb və azarkeşləri turnirə dəvət edib:

"Döyüşə hazıram və iyunun 27-nə qədər tam ideal formada olacam. Azərbaycanda parlaq qələbə qazanmağıma heç nə mane ola bilməz. Azərbaycan tamaşaçısı mənim üçün doğmadır. Azərbaycanda və ümumiyyətlə bütün Qafqazda insanlar mənə azarkeşlik edəcəklər. Mən Xəzər dənizinin piratıyam. Məni dəstəkləyən hər kəsi arenaya dəvət edirəm. Qələbəni birlikdə qazanacağıq.

Ötən il UFC turnirinin Azərbaycanda keçirilə biləcəyi ilə bağlı xəbərlər yayılanda mən Dağıstanda təlim-məşq toplanışında idim. Dərhal menecerimlə əlaqə saxlayıb Bakıda döyüşmək istədiyimi bildirdim. Axı Bakı çox yaxındır. Amma həmin vaxt bu plan alınmadı. Şadam ki, bu dəfə mümkün oldu.

Əminəm ki, budəfəki turnir yüksək səviyyədə keçəcək. Çünki Azərbaycanın böyük idman yarışlarına ev sahibliyi etmək baxımından zəngin təcrübəsi var. Mən möhtəşəm turnir gözləyirəm. Bakıda döyüşəcək əksər idmançılar ayaqüstü döyüşə üstünlük verirlər. Əsas döyüşdə Rafael Fiziyev çıxış edəcək. Deməli, azarkeşləri əsl şou gözləyir.

İyunun 27-də Milli Gimnastika Arenasında azarkeşlərin məni böyük coşqu ilə dəstəkləyəcəyini gözləyirəm. Ona görə də soyuqqanlılığı itirməməli, ehtiyatsız hücumlara keçməməliyəm. Ağıllı döyüşməli və eyni zamanda tamaşaçılara şou göstərməliyəm.

Mən həmişə döyüşü vaxtından əvvəl bitirməyə çalışıram. Bu dəfə də məqsədim budur. İstəyirəm ki, qalib elan olunanda rəqibim ayaq üstə dura bilməsin.

Mən azərbaycanlı döyüşçülərlə məşq etmişəm. Tez-tez Taylandda birgə hazırlıq keçirdik, bir-birimizi dəstəkləyirik. Azərbaycanlı döyüşçü Alovsat Məmiyev mənim dostumdur. Biz MMA-ya birlikdə başlamışıq. İdmanda məni azərbaycanlılarla çox şey bağlayır. İdmanın gözəlliyi də elə bundadır. Çünki idman birləşdirir", - deyə o bildirib.