Ötən gün I Liqada çempionluğunu rəsmiləşdirən “Şamaxı” növbəti mövsümdən etibarən Misli Premyer Liqasında çıxış edəcək.
Redaksiyamıza daxil olan məlumata görə, klub elitada yenidən ancaq yerli futbolçularla mübarizə aparacaq. Görəsən, bu strategiyada qalmaq doğrudur? Ancaq yerlilərdən ibarət komanda Premyer Liqada qalmaq gücündədir? Bu sualı futbol fuknsioneri Ceyhun Sultanova ünvanladıq. “Neftçi”nin sabiq idman direktoru məsələ ilə bağlı Offsideplus.az-a bunları söylədi:
“Şamaxı”nı təbrik edirəm. Düşünürəm ki, ancaq yerli futbolçularla oynasalar, bir az çətin olacaq. Çünki çempionatımızın səviyyəsi qalxıb. Bura artıq I Liqa deyil. Komandanı daha da gücləndirmək üçün əcnəbi futbolçulara müraciət etmək vacibdir. Yerli futbolçularımız o qədər çox deyil ki, onlarla Premyer Liqada nəyəsə nail olasan. Elə fikirləşirəm ki, “Şamaxı” strategiyasını dəyişməsə, yenə də autsayderlər sırasında qalacaq. Ramiz Məmmədovu, klub rəhbərliyini təbrik edirəm. İnanıram ki, gələn mövsüm Premyer Liqa səviyyəsində yaxşı bir kollektiv formalaşdıracaqlar”.


