"Qalatasaray" ilə Türkiyə Superliqasında üst-üstə 4 möhtəşəm çempionluq qazanan və bu mövsüm Çempionlar Liqasında "Yuventus"u turnirdən kənarlaşdıraraq diqqətləri üzərinə çəkən baş məşqçi Okan Buruk üçün İtaliya nəhəngi hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi "Latsio" baş məşqçisi Mauritsio Sarrinin "Napoli"yə mümkün gedişindən sonra yaranacaq boşluğu 52 yaşlı türk mütəxəssislə doldurmağı planlaşdırır.

"Latsio"nun idman direktoru Ancelo Mariano Fabiani yeni məşqçi axtarışları çərçivəsində hazırladığı namizədlər siyahısının ilk sırasına məhz Okan Burukun adını yazıb. Roma klubunun skautları uğurlu çalışdırıcını və onun hücummeylli oyun fəlsəfəsini uzun müddətdir ki, yaxından izləyir.

Əgər Buruk ilə rəsmi razılıq əldə olunmazsa, "Latsio"nun alternativ siyahısında bu adlar yer alır:

  • Fabio Pizakane

  • Tiaqo Motta

  • Raffaele Palladino

Okan Burukun Avropadakı nüfuzu təkcə İtaliya ilə məhdudlaşmır. İqor Tudorun ayrılığından sonra İngiltərə Premyer Liqası nəhəngi "Tottenhem"dən rəsmi təklif alan təcrübəli məşqçi, bu dəvəti geri çevirmişdi.
London klubu daha sonra komandanın başına Roberto De Zerbini gətirdi.

Məşqçinin yeganə talibi italyanlar deyil: Maliyyə imkanları ilə tanınan Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu da portuqaliyalı baş məşqçi Serxio Konseysaonun uğursuz çıxışından sonra komandanı Okan Buruka tapşırmaq niyyətindədir və ona astronomik bir təklif hazırlayır.