Futbol dünyasının ən böyük fərdi mükafatlarından olan "Qızıl Top" mükafatına yeni namizəd bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Arsenal"ın ingiltərəli yarımmüdafiəçisi Deklan Rays karyerasının ən parlaq mövsümünü keçirərək "Qızıl top" (Ballon d'Or) mükafatını qazanmaq üçün ən güclü namizədlərdən birinə çevrilib.
London klubu ilə "Mançester Siti"nin amansız rəqabətindən qalib ayrılaraq Premyer Liqa çempionluğunu bayram edən 27 yaşlı futbolçu komandasının əldə etdiyi bu tarixi uğurun əsas memarı hesab olunur. Raysın mövsüm boyu nümayiş etdirdiyi liderlik keyfiyyətləri, müdafiə və hücum xətləri arasındakı mükəmməl balansı onun fərdi nüfuzunu zirvəyə daşıyıb.
Üstəlik, "Arsenal"ın gələn həftə keçiriləcək UEFA Çempionlar Liqasının finalında "PSJ" ilə qarşılaşacağını nəzərə alsaq, Rays üçün mövsümü dublla başa vurmaq şansı olduqca yüksəkdir. Futbol ekspertləri hesab edirlər ki, Çempionlar Liqası kubokunun da qazanılması və qarşıdan gələn Dünya Çempionatında İngiltərə millisinin uğurlu çıxışı Deklan Raysın "Qızıl top"u qazanmasını tamamilə rəsmiləşdirə bilər.



