"Barselona" klubu və İspaniya Kral Futbol Federasiyası (RFEF) qarşıdan gələn Dünya Çempionatı öncəsi gənc ulduz Lamin Yamalın sağlamlığı ilə bağlı riskə getməmək barədə tam razılığa gəliblər.
Offsideplus.az xəbər verir ki, "Selta Viqo" ilə matçda budardası əzələsindən zədə alan cinah oyunçusu hazırda "Barselona"nın məşq bazasında reabilitasiya proqramı keçir.
İspaniya mətbuatının yaydığı məlumatlara görə, hər iki qurum gənc futbolçunun yaşıl meydanlara qayıdışını sürətləndirməmək barədə ortaq qərar qəbul edib. Əsas hədəf futbolçunun tam sağalmasını təmin etməkdir.
Müalicə və bərpa planı Yamalın iyunun 27-də İspaniya milli komandasının Uruqvay yığmasına qarşı keçirəcəyi vacib qarşılaşmaya qədər 100% hazır olmasına yönəlib.
Yaşanan zədə probleminə baxmayaraq, Lamin Yamalın baş məşqçi Luis de la Fuentenin Dünya Çempionatı üçün açıqlayacağı heyətdə yer alacağı gözlənilir. Onun vəziyyəti millinin təlim-məşq toplanışı zamanı da həkimlər tərəfindən yaxından izləniləcək.


