İngiltərə futbolunun tanınmış mütəxəssislərindən olan Sem Ellardays "Liverpul"un misirli ulduzu Məhəmməd Salahın son hərəkətlərini sərt şəkildə tənqid edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli baş məşqçi Salahın klubdakı vida matçına çıxmasının qadağan edilməli olduğunu müdafiə edib.
"Liverpul"un "Aston Villa"ya 4:2 hesabı ilə məğlub olmasından sonra Məhəmməd Salah sosial şəbəkə hesabında komandanın hazırkı baş məşqçisi Arne Slotun oyun üslubunu üstüörtülü şəkildə tənqid edib. O, komandanın Yurgen Kloppun dövründəki "hevi-metal" (Heavy Metal) futboluna geri qayıtmalı olduğunu bildirib.
Bu şərhlərə münasibət bildirən Sem Ellardays ulduz futbolçunun hələ klubdan ayrılmadan bu cür açıqlamalar verməsini hörmətsizlik kimi qiymətləndirib:
"Hələ klubda olduğun müddətdə belə şeylər danışma. Özünü futbol klubundan daha böyükmüş kimi aparma."
Əgər mən klubun sahibi olsaydım, onun bu həftəsonu keçiriləcək vida oyununa çıxmasını tamamilə qadağan edərdim."
Mövsümün sonunda "Liverpul"dan ayrılacağını rəsmən açıqlayan 33 yaşlı Salahın bu bazar günü "Brentford" ilə keçiriləcək son doğma divar qarşılaşmasında pərəstişkarları ilə vidalaşması planlaşdırılır.
Lakin onun komandanın daxili ab-havasını pozan bu çıxışları İngiltərə mətbuatında və idman ictimaiyyətində böyük narazılıq doğurmağa davam edir.


