UEFA Avropa futbolunda inqilabi dəyişikliklərə imza atıb.
Offsideplus.az xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin qəbul etdiyi yeni qərara əsasən, Avropa çempionatı və Dünya çempionatının seçmə mərhələləri artıq "Çempionlar Liqası"nın mövcud liqa formatına bənzər sistemlə keçiriləcək.
Avro-2028-dən sonra qüvvəyə minəcək yeni sistemin əsas detalları aşağıdakı kimidir:
-
Komandalar iki liqaya bölünəcək: Yüksək liqada (Liqa 1) 36 komanda yer alacaq və onlar hər birində 12 komanda olmaqla 3 qrupa bölünəcəklər.
Aşağı liqada (Liqa 2) isə qalan 18 (və ya 19) komanda hər birində 6 komanda olmaqla 3 qrupda mübarizə aparacaq. -
Hər komandaya 6 fərqli rəqib: Eynilə yeni "Çempionlar Liqası" sistemində olduğu kimi, hər bir komanda 3 fərqli səbətin hər birindən 2 rəqiblə qarşılaşmaqla ümumilikdə 6 fərqli komandaya qarşı 6 oyun (3-ü evdə, 3-ü səfərdə) keçirəcək.
-
Birbaşa və pley-off vəsiqələri: Sentyabr ayında keçiriləcək növbəti iclasda hansı liqadan neçə komandanın turnirə birbaşa vəsiqə qazanacağı və neçə komandanın pley-off mərhələsinə yollanacağı dəqiq fərmanla rəsmiləşəcək.
UEFA prezidenti Aleksander Çeferin bildirib ki, bu tarixi dəyişiklik rəqabət balansını artıracaq, əhəmiyyətsiz və böyük hesablı oyunların sayını azaldacaq və azarkeşlər üçün daha maraqlı bir futbol mühiti yaradacaq.


