AFFA İntizam Komitəsinin növbəti iclasında Misli Premyer Liqasının son turunun oyunları ilə bağlı qərarlar qəbul edilib.

Offsideplus.az xəbər verir ki, qurum "Sabah"ın futbolçusu Coy-Lens Mikelsə 2 matçlıq cəza kəsib. Hücumçu "Neftçi" ilə XXXII turun qarşılaşmasında rəqibə qarşı aqressiv davranış nümayiş etdirərək topu onun üzərinə atdığı üçün birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsi Mikelsin cəzasının 1 oyununu şərti edərək, ona 6 aylıq sınaq müddəti təyin edib, paytaxt klubunu isə 3000 manat cərimələyib.

Həmin paytaxt derbisində ikinci sarı vərəqədən sonra meydandan qovulan "Neftçi"nin yarımmüdafiəçisi Emil Səfərov isə 1 oyunluq cəza alıb. Bu səbəbdən "ağ-qaralar" 500 manat cərimə ödəməli olacaq.

Bundan əlavə, "Şamaxı" – "Turan Tovuz" görüşündə qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Tovuz təmsilçisi AFFA tərəfindən 700 manat məbləğində cərimələnib.