2026 Dünya çempionatı Avropa seçmə mərhələsinin E qrupunda çıxış edən Türkiyə millisi doğma azarkeşləri önündə Gürcüstanı 4:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Kocaeli stadionunda baş tutub.

Qələbə sayəsində “Ay-ulduzlular” həm azarkeşlərini sevindirib, həm də qrupda böyük üstünlük qazanıb. Türkiyənin qollarını Kenan Yıldız, Yunus Akgün və Merih Demiral (2) vurub.

Matçın ilk dəqiqələrindən etibarən oyunun ipini əlinə alan Türkiyə hücumda təsirli çıxışı ilə azarkeşləri coşdurub.

14-cü dəqiqə: Abdülkerim Bardakçının dərin ötürməsini alan Kenan Yıldız topu qapıçı üzərindən zərif bir aşırtma ilə tora göndərib – 1:0.

22-ci dəqiqə: Kapitan Hakan Çalhanoğlunun künc zərbəsindən göndərdiyi topa ön dirəkdə qalxan Merih Demiral dəqiq baş zərbəsi ilə fərqi artırıb – 2:0.

35-ci dəqiqə: Kenan Yıldızın ötürməsindən sonra İsmayıl Yüksekin zərbəsi müdafiədən qayıdıb, topu yaxşı izləyən Yunus Akgün epizodu tamamlayaraq üçüncü qolu vurub – 3:0.

52-ci dəqiqə: Hakan Çalhanoğlunun növbəti standart vəziyyətində yenə Merih Demiral başla fərqlənərək dubla imza atıb – 4:0.

65-ci dəqiqə: Gürcüstan adını tabloya Kochorashvili ilə yazdırsa da, nəticə dəyişməyib – 4:1.

Türkiyə bu nəticə ilə Dünya çempionatı yolunda əhəmiyyətli addım atıb və qrup liderliyi uğrunda mövqeyini möhkəmləndirib.