"Real Madrid"in sabiq yarımmüdafiəçisi Quti hesab edir ki, "Barselona" El Klasikonun ikinci hissəsində azlıqda qalmalı idi. Qarşılaşma "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, 59-cu dəqiqədə "Barselona"nın müdafiəçisi Joau Kanselu topu irəli aparan "Real Madrid"in vingeri Yan Diomandeni baldır nahiyəsindən tapdalayıb. Hakim Xuan Martines Munuera portuqaliyalı futbolçunu cəzalandırmayıb, VAR isə epizoda müdaxilə etməyib. Fil dişi sahilli oyunçu bir müddət meydanı tərk etməli olub. Quti bu epizodun birbaşa qırmızı vərəqəlik olduğunu və "Barselona"nın azlıqda qalmalı olduğunu bildirib.
70-ci dəqiqədə isə kataloniyalıların müdafiəçisi Aleks Balde cərimə meydançasında Kilian Mbappe ilə mübarizədə topa əli ilə toxunub. Hakim qayda pozuntusu qeydə almayıb, VAR isə müdaxilə etməyib. Quti bu epizodda penalti üçün əsas olmadığını vurğulayıb.
Hakim İturralde isə Kanselunun Diomandeni tapdalamasının sarı vərəqəlik olduğunu, VAR-ın müdaxiləsinə ehtiyac olmadığını qeyd edib.


