Portuqaliya Millətlər Liqasına iki qələbə ilə başlayıb. Komanda əvvəlcə Uelsi, daha sonra səfərdə Norveçi məğlub edib. Lakin hazırda əsas müzakirə mövzusu nəticələr deyil.

Offsideplus.az xəbər verir ki, Kriştianu Ronaldu 18 ildən sonra ilk dəfə milli komandanın oyununda heç bir dəqiqə belə meydanda olmayıb. Bu isə Portuqaliyada böyük müzakirələrə səbəb olub.

Norveçlə oyundan sonra 41 yaşlı hücumçu azarkeşləri salamlamadan soyunub-geyinmə otağına yollanıb. Jorge Jesus bundan narazılığını bildirib. Ronaldo daha sonra komanda ilə məşqdə iştirak etməyib. Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa vəziyyəti aydınlaşdırmaq üçün təcili şəkildə komandanın düşərgəsinə gedib.

Danimarka ilə oyundan əvvəl keçirilən mətbuat konfransında Jorge Jesus məsələ ilə bağlı danışıb və narazılığını gizlətməyib.

“Məni onla mövcud olmayan bir məsələ barədə danışmağa məcbur etdilər. Danışılacaq heç nə yox idi. Sadəcə onun mətbuat konfransında dedikləri barədə danışdıq. O demişdi: ‘Siz nə qərar versəniz, mən buradayam. Oynamağımı istəyirsinizsə, oynayacağam. Tribunaya göndərmək istəyirsinizsə, orada olacağam’”, – deyə Jesus bildirib.

Baş məşqçi federasiya prezidentinin səfərinə də aydınlıq gətirib:

“Federasiya prezidenti komandanın yanında olmalı olduğu üçün buraya gəldi. Portuqaliyada yayılan xəbərləri görmüşdü və nə baş verdiyini bilmək istəyirdi. Amma şam yeməyindən sonra məsələni artıq həll etmişdik. Halbuki ortada problem yox idi”.

Jesus Ronaldonun məşqdən imtina etməsi ilə bağlı yayılan xəbərləri də təkzib edib:

“Kriştiano zalda məşq etdi, meydanda hərəkətlilik üzrə hərəkətlər yerinə yetirdi, daha sonra oteldə əzələlərin gücləndirilməsi ilə bağlı məşq etdi. Baş verən məhz budur. Bu gün məşq edəcək. Gəlib məşqə baxın, özünüz görəcəksiniz”.

Portuqaliyalı mütəxəssis həmçinin Ronaldonun Norveç və Danimarka ilə oyunlarda meydana çıxmayacağını əvvəlcədən bildiyini deyib.

“Mən Krişə dedim ki, Norveç və Danimarkaya qarşı oynamayacaq. Sonra Norveçlə matç zamanı düşündüm ki, bəlkə ona ehtiyacım olar. Ondan isinməsini istədim, lakin daha sonra meydana buraxmadım. 30 dəqiqə isinən və sonra oynamayan istənilən futbolçu məyus olar. Adının Kriştiano və ya Pele olmasının fərqi yoxdur”, – deyə Jesus vurğulayıb.