UEFA Konfrans Liqasının pley-off mərhələsində "Neftçi" və "Qarabağ" sabah cavab oyunlarına çıxacaq.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Bakıda 3:3 hesabı ilə heç-heç etdiyi "Makkabi"nin, Ağdam təmsilçisi isə minimal hesabla (1:0) qalib gəldiyi "Aberdin"in qonağı olacaq.
"Keşlə"nin sabiq baş məşqçisi Yunis Hüseynov komandaların qalib gəlmək şanslarını dəyərləndirib. Təcrübəli mütəxəssis "Neftçi"nin 60% şans göstəricisi ilə qalib gələcəyinə inanır:
"Hər iki komandamıza uğurlar arzu edirəm. "Neftçi" Bakıdakı oyunun ilk hissəsində zəif təsir bağışladı, "Makkabi" yaxşı oynayırdı. Lakin ikinci hissədə "ağ-qaralar" əks-hücumlarda yaxşı oyun nümayiş etdirib, hesabda önə çıxdı. Əfsuslar olsun ki, sonradan hesabı qoruyub saxlaya bilmədi. Buna baxmayaraq, şanslar var. Əvvəlcədən də demişdim ki, "Neftçi"nin şansı 40%-dir. Lakin arzu edək ki, həmin şans göstəricisi 60% "Neftçi"nin xeyrinə olsun".
56 yaşlı çalışdırıcı meydança yaxşı olsaydı, "Qarabağ"ın ilk oyunda daha çox qol vura biləcəyini bildirib:
"Qarabağ"a gəldikdə isə meydançanın pis olması komandanın oyununa təsir göstərdi. Daha öncə də qeyd etmişdim ki, meydança yaxşı olsaydı, "Qarabağ" 2-3 qol vura bilərdi. Bilirsiniz ki, bu komanda topla oynayan komandadır. Ona görə də meydança amili Ağdam təmsilçisinə təsir etdi. Lakin inanıram ki, yaxşı meydançada və azarkeşlər - baxmayaraq ki, rəqib komandanın tərəfdarları olacaq - qarşısında "Qarabağ" yaxşı oyun nümayiş etdirəcək. Məncə, komanda Şotlandiyadan sərfəli nəticə ilə qayıdıb, qrupa düşəcək".
Qeyd edək ki, 26 avqust tarixində baş tutacaq "Makkabi" - "Neftçi" matçı saat 21:00-da, "Aberdin" - "Qarabağ" qarşılaşması isə saat 22:45-də start götürəcək.