“Real Madrid” bəzi oyunçularının Çempionlar Liqasının 1/4 finalında iştirak edə bilməyəcəyindən narahatdır.

Offsideplus.az xəbər verir ki, klub UEFA-nın Kylian Mbappe, Vinisius Junior, Antonio Rüdiger və Dani Sebalyosun davranışı ilə bağlı qərarını gözləyir.

UEFA martın 12-də “Atletiko Madrid” üzərində penaltilərlə qazanılan qələbədən sonra futbolçuların davranışlarını araşdırmaq üçün Etika və İntizam Müfəttişi təyin edib. Əsas diqqət bəzi oyunçuların hərəkətlərinə yönəlib və xüsusilə Rüdiger və Mbappe istintaqın mərkəzindədir.

Alman müdafiəçi Antonio Rüdiger ən ciddi ittihamlarla üzləşə bilər. Oyun zamanı kameralara onun boğazını kəsmə işarəsi etdiyi düşüb və bu, “Atletiko Madrid” azarkeşlərinə qarşı təhdid kimi qiymətləndirilib. Belə bir hərəkət UEFA qaydalarına əsasən ağır cəza ilə nəticələnə bilər.

Digər tərəfdən Kylian Mbappe də mübahisələrin mərkəzindədir. Onun qələbəni qeyd edərkən qeyri-etik jest etdiyi iddia olunur. Sosial şəbəkələrdə yayılan görüntülər fransız hücumçunun UEFA-nın intizam qaydalarını pozub-pozmadığı barədə müzakirələrə səbəb olub.

Mbappe, Vinisius və Sebalyosun cərimə olunacağı və şərti bir oyunluq diskvalifikasiya alacağı gözlənilir. Bu, onların bir il ərzində oxşar hərəkət etmədiyi halda cəzanı çəkməyəcəyi anlamına gəlir. Lakin Rüdigerin vəziyyəti daha ciddi ola bilər. UEFA rəsmiləri onun jestini daha təxribatçı və aqressiv hesab edir. Buna görə də alman futbolçunun dərhal cəzalanması və Çempionlar Liqasının 1/4 finalının ilk oyununda iştirak edə bilməməsi ehtimalı var.

UEFA-nın yekun qərarını cümə günü açıqlayacağı gözlənilir. “Real Madrid” isə kritik “Arsenal” matçı öncəsi əsas müdafiəçilərindən birini itirə biləcəyi qorxusunu yaşayır. Madrid klubu aprelin 8-də Londonda “Arsenal”ın qonağı olacaq və bir həftə sonra “Santyaqo Bernabeu”da cavab oyununa çıxacaq.