Növbəti mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "Qəbələ"nin heyətində yenilənmə gedəcək.
Offsideplus.az xəbər verir ki, bunu klubun idman direktoru Səbuhi Səfiyarlı Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində söyləyib. Klub rəsmisi növbəti mövsüm potensiallı gənc futbolçularla davam edəcəklərini, 7-8 legioner transferinin reallaşacağını qeyd edib. O, komandanın 38 yaşlı kapitanı Asif Məmmədovun gələcəyi barədə bu sözləri deyib:
"Bu barədə Asiflə hələ danışmamışıq. O, klubumuz, rəhbərliyimiz tərəfindən hörmət edilən oyunçududur. Mən şəxsən, onun ən azı 1 və ya yarım mövsüm komandada qalmasını istəyərdim. Komanda yenidən yığılacaq, ən azı 7-8 legioner gələcək. Onlar atmosferə düşməli, adət-ənənəni anlamalıdır. Yeni gələnləri komandada ab-havaya gənc futbolçular sala bilməz. Səhv hərəkət edəndə bunu kimsə izah etməlidir. Baş məşqçi edərsə, bu, baş məşqçi - futbolçu münasibətləri pozula bilər. Asif məşqçi kimi qalsa, yenə eyni vəziyyət olacaq. Amma Asifin futbolçu kimi yenilərə yol göstərməsi lazımdır və həmin oyunçular iradları qəbul edəcək, qayda-qanunların olduğunu başa düşəcək. Atmosferin formalaşması üçün Asif bizə lazımdır. Onun sağlamlığı da imkan verir ki, meydanda 90 dəqiqə də olmasa, müəyyən müddətdə bizə kömək etsin. Lakin bu məsələ hələ ki danışılacaq".