Futbol üzrə II Liqada mübarizə aparan "Hypers Guba" klubunun prezidenti  Ayaz Abdullayev AFFA tərəfindən cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, buna klub rəhbərinin çempionatın XIX turda "Ağdaş"la oyundan sonra hakimi təhqir etməsi səbəb olub.

AFFA İntizam Komitəsi A.Abdullayevə 3-ü şərti olmaqla 5 oyun cəza verib. Üstəlik, “Hypers Guba”ya 400 manat cərimə kəsilib. A.Abdullayev üçün 3 ay müddətinə sınaq müddəti nəzərdə tutulub. Bu vaxt ərzində prezident eyni qayda pozuntusunu təkrarlayarsa, şərti cəza qüvvəyə minəcək.

Ümumiyyətlə, "Ağdaş"la qarşılaşma Quba təmsilçisinin böyük narazılığına səbəb olub. Hakimin 89-cu dəqiqədə Baxşəli Baxşəliyevi, 90+4-cü dəqiqədə Xaqan Məmmədovu meydançadan qovması, 90+6-cı dəqiqədə isə "Ağdaş"ın lehinə penalti təyin etməsi "Hypers Guba" nümayəndələrini özündən çıxarıb. Klub prezidentindən savayı, məşqçi Rəsul Babazadə hakimi təhdid edib. O, bu hərəkətinə görə 2 oyun cəzalandırılıb. Hakimin qərarlarından narazı qalan azarkeşlər meydançaya daxil olaraq, etirazlarını bildiriblər.

AFFA İntizam Komitəsi 6 fərqli maddə üzrə “Hypers Guba”nı 850 manat cərimələyib.

Qeyd edək ki, oyun 3:3 hesabı ilə başa çatıb. Hazırda "Hypers Guba" 36 xalla 4-cü, "Ağdaş" isə 11 xalla 13-cü yerdə qərarlaşıb. Quba komandasının kapitanı Azərbaycan yığmasının və "Neftçi"nin sabiq hücumçusu Cavid İmamverdiyevdir.