İtaliya A Seriyasında "Napoli"dən ayrılan baş məşqçi Antonio Konte ilə komandanın belçikalı ulduzu Kevin De Brüyne arasındakı gərginlik rəsmən mətbuata sızıb.
Offsideplus.az xəbər verir ki, mövsüm boyu taktiki anlaşılmazlıqlar yaşayan ikilidən ilk radikal bəyanat De Brüynedən gəlib.
Təcrübəli yarımmüdafiəçi Kontenin gedişini müsbət qarşıladığını gizlətməyib və italiyalı mütəxəssisin oyun fəlsəfəsini sərt tənqid edib:
"Kontenin getməsinə sevindim. Futbol anlayışlarımız və baxış bucağımız tamamilə fərqlidir. Komandada heç vaxt öz əsl pozisiyamda oynamaq fürsəti tapa bilmədim. Üstəlik, mövsümün əvvəlindən bəri bizi həddindən artıq müdafiəyəmeylli futbol oynadırdı. 5-4-1 taktikası ilə işləri daha da qəlizləşdirdi. Hücum statistikasında bərbad vəziyyətdə idik, ən qolçu oyunçumuzun cəmi 10 qolu var idi. Sözü çox uzatmağa ehtiyac yoxdur; Kontenin komandada qalmasına lüzum yox idi, getməsi hər kəs üçün ən yaxşısı oldu."
"Napoli"də mövsüm ərzində əvəzlənərkən Kontenin qərarlarına bir neçə dəfə açıq şəkildə etiraz edən De Brüynenin bu sözləri İtaliya mətbuatında və Neapol təmsilçisinin azarkeşləri arasında böyük rezonans doğurub.


