Azərlotereya və Azərbaycan Basketbol Federasiyasının dəstəyi, "Sabah" BK-nın təşəbbüsü ilə həyata keçirilən “Basketbol hər yerdə!” layihəsinin ilk meydançası artıq istifadəyə verilib.

Offsideplus.az xəbər verir ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 50B ünvanında baş tutan açılış tədbirində "Sabah" BK basketbolçuları Endər Poladxanlı, Şirzad Şirzadov və Kamran Məmmədov da iştirak edərək azarkeşlərlə görüşüblər.

"Sabah" Basketbol Klubu və "Azərlotereya" ASC-nin birgə əməkdaşlığı ilə həyata keçirilən "Basketbol hər yerdə!" layihəsi, basketbol meydançalarını yaşayış ərazilərinə və həyətlərə daşımaq məqsədi daşıyır.

Layihənin əsas məqsədi basketbol idman növünü kütləviləşdirmək, xüsusilə gənc və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə və sağlam həyat tərzinə təşviq etməkdir.