Aprelin 23-dən 27-dək Monteneqronun paytaxtı Podqoritsa şəhərində böyüklər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi bu nüfuzlu yarışda 12 çəki dərəcəsində ümumilikdə 16 cüdoçu ilə təmsil olunacaq.
Bu ilki turnir Azərbaycan cüdosu üçün xüsusi əhəmiyyət daşıyır. İlk dəfə olaraq milli komanda böyüklər arasında qarışıq komanda yarışında qüvvəsini sınayacaq. Bundan başqa, Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev uzun aradan sonra tatamiyə geri dönəcək.
Yığma komanda çempionata ciddi hazırlıq keçir. Milli komandanın məşq prosesi performans direktoru Riçard Trautman tərəfindən idarə olunur. Kişi cüdoçuların hazırlığında böyük məşqçilər Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç iştirak edirlər. Qadın yığmasına isə baş məşqçi Amina Abdullatif və məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir.
Azərbaycan millisinin Avropa çempionatında iştirak edəcək heyəti belədir:
Kişilər:
-60 kq: Əhməd Yusifov, Turan Bayramov
-66 kq: Ruslan Paşayev
-73 kq: Hidayət Heydərov
-81 kq: Zelim Tçkayev, Ömər Rəcəbli
-90 kq: Bu çəki dərəcəsində iştirak edəcək idmançı Avropa Kubokundan sonra müəyyən ediləcək.
-100 kq: Zelim Kotsoyev
+100 kq: Uşanqi Kokauri
Qarışıq komanda yarışları: Vüsal Qələndərzadə (-73 kq)
Qadınlar:
-48 kq: Könül Əliyeva
-52 kq: Aydan Vəliyeva, Gültac Məmmədəliyeva
-57 kq: Fidan Əlizadə
-70 kq: Günel Həsənli, Südabə Ağayeva
+78 kq: Nigar Süleymanova