Slovakiyanın paytaxtı Bratislavada aprelin 7-dən 13-dək güləş üzrə Avropa çempionatı keçiriləcək.
Offsideplus.az xəbər verir ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək çempionatda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaq. Baş məşqçi Xetaq Qazyumov və məşqçilər Cəbrayıl Həsənov, Taymuraz Kokoyev, Şərif Şərifovun rəhbərliyi altında Azərbaycan milli komandası yarışa qatılacaq. Komanda üzvləri İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Orxan Abasov (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Abubakr Abakarov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) olacaq.
Sonra qadın güləşçilərimiz Toğrul Əsgərov və Ağahüseyn Mustafayevin rəhbərliyi altında xalçaya çıxacaq. Bu komandada Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq) və Ruzanna Məmmədova (62 kq) iştirak edəcək.
Yarışın sonunda isə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Onlar baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər. Bu komandada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alır.
Yarışlar hər gün Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Yarımfinallar saat 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da keçiriləcək.
Çempionatda I-S kateqoriyalı hakimlər Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaqlar.