AFFA Hakimlər Komitəsinin sədri Frank De BlekeriAzərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında qeydə alınan mübahisəli epizodları şərh edib.
Offsideplus.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı mütəxəssis öncə “Araz-Naxçıvan” - “Qarabağ” (1:0) görüşünə toxunub.
O, Ağdam klubunun qapısına təyin olunan və hətta baş məşqçi Qurban Qurbanovu təpiklə öz planşetini sındırmağa məcbur edən penalti qərarından danışıb: "24-cü dəqiqə. “Araz-Naxçıvan”ın yerinə yetirdiyi künc zərbəsi zamanı top yaxın dirəyə tərəf ötürülür. Bu komandanın 17 nömrəli futbolçusu İssuf Paro sağ ayağı ilə topla oynayır. Onun arxasında olan “Qarabağ”ın 7 nömrəli oyunçusu Yassin Benzia topa toxunmadan “Araz-Naxçıvan”ın üzvünün sağ ayağına zərbə vurur. Baş hakim oyunu davam etdirir. VAR müdaxilə edərək, baş hakimi epizodu izləməyə dəvət edir. Təkrar görüntülərə baxdıqdan sonra hakim “Araz-Naxçıvan”ın lehinə penalti təyin edir. Hakimin penalti qərarı doğrudur".
“Neftçi” - “Sabah” (1:2) matçında da penalti təyin edilib. F.De Bleker 19-cu dəqiqədə qonaqların futbolçusu Tellur Mütəllimovun cərimə meydançasında “Neftçi”nin hücumçusu Ağadadaş Salyanskiyə qarşı qayda pozuntusunun düzgün qərar olduğunu bildirib. Ancaq Hakimlər Komitəsinin sədri "Sabah"ın lehinə penalti verilmədiyini söyləyib: "Matçın 90+1-ci dəqiqəsində “Sabah”ın hücumu zamanı top bu komandanın futbolçusu Coy Lens Mikelsə çatır. O, cərimə meydaçası daxilində qapı xəttinə doğru hərəkət edir və topa zərbə vurur. Hücumçu topu vurduqdan sonra “Neftçi”nin oyunçusu Yuri Matias gecikərək, onun ayağına təmas edir. Hakim oyunu davam etdirir və “Sabah”ın xeyrinə künc zərbəsi təyin edir. Hücumçunun ayağına təmas aşkar şəkildə görünür. Buna görə də biz penalti və VAR müdaxiləsini gözləyirdik".