Futbol üzrə dünya çempionu Ronaldinyo vaxtilə "Mançester Yunayted"də oynaya bilərmiş.
Offsideplus.az xəbər verir ki, bu fikri "qırmızı şeytanlar"ın sabiq məşqçisi Rene Myulesten və müdafiəçisi Rio Ferdinand səsləndiriblər.
"Çelsi"nin keçmiş yarımmüdafiəçisi Con Obi Mikelin aparıcılıq etdiyi "The Obi One" podkastında qatılan adıçəkilən qonaqlar 22 il öncə baş verənləri xatırlayıblar.
Ronaldinyo Fransanın PSJ klubunda oynayarkən, "Mançester Yunayted" futbolçuya rəsmi təklif göndərib. Baş məşqçi Aleks Ferqyusson transferin gerçəkləşməsi üçün çox çalışıb. "Qırmızı şeytanlar" keçidin baş tutduğunu elan etməyə hazırlaşdığı bir vaxtda isə braziliyalı hücumçu fikrindən daşınıb.
"Yadımdadır ki, komandamız Ronaldinyo ilə müqavilə bağlamağa hazırlaşırdı. Ancaq o, "Barselona"ya görə PSJ-ni tərk etdi. Daha sonra ser Aleks Lissabona gedib, Kriştianu Ronaldunun oyununu izlədi və onu heyətə cəlb etdi", - deyə Ferdinand bildirib.
"Mançester Yunyated"in keçmiş məşqçisi Rene Myulesten isə Ronaldinyonun "Barselona"ya transferindən sonra belə Aleks Ferqyussonun onunla maraqlandığını deyib: "Ronaldinyo İspaniyada tamamilə qeyri-adi oyun göstərirdi, onun çıxışı heç bir çərçivəyə sığmırdı. O, "Mançester Yunayted"ə məhz superulduza xas olan elementləri gətirə bilərdi. Ser Aleks həqiqətən onunla əməkdaşlıq etmək niyyətində idi".
Qeyd edək ki, Ronaldinyo 2003-cü ildə "Barselona"ya transfer olub və karyerasının ən pik dövrünü Kataloniya klubunda keçirib. O,yeni klubunda 5 il ərzində 145 oyunda 75 qol vurmaqla, milyonların sevimlisinə çevrilib.