"Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Minsk "Dinamo"suna 2:4 hesabı ilə məğlub oldu.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Bir komanda ilk 15-20 dəqiqədə üstün oynayıb 2 qol vurursa, daha sonra baş verənləri futbol adlandıra bilmirəm. Emil Balayev 'seyv' edərkən zədələndi. İlk qolu buraxmağımızda bunun da təsiri oldu. Fasiləyə 2:1 hesablı üstünlüklə y yollandıq. İkinci hissənin əvvəlində yenə qol buraxdıq — hər biri də fərdi səhvlərin nəticəsində. Sən vurmayanda, rəqib vurur. Oyunu ayıq başla təhlil etmək lazımdır. Futbolçular haqqında fərdi danışmaq istəmirəm, bu düzgün olmaz. Əsas təqsirkar mənəm".

Ukraynalı mütəxəssis cavab oyunu və ehtimal olunan istefası barədə də fikirlərini bölüşüb:

"Siz düşünürsünüz ki, iki oyunda məğlub olsam, getməliyəm? Bura böyük tarixə malik klubdur. İlk məğlubiyyətdən sonra istefa haqqında danışmaq qəribədir. Hələ cavab oyunumuz var. Sizə gülməli gələ bilər, amma biz qələbə qazana bilərik. Rəqib də ilk matçında məğlub olmuşdu. Məşqçiyə işləmək üçün imkan yaratmaq lazımdır. Qələbə qazananda niyə belə şeylər deyən yox idi?"

Mütəxəssis üstünlüyü əldən vermələrinə belə münasibət bildirib:

"Çox şey danışmaq olar. Sizinlə razıyam ki, 20-ci dəqiqədən sonra lazımi təzyiqi göstərə bilmədik. Hər şeyə soyuqqanlı yanaşmaq lazımdır. Belə oyundan sonra çox şey demək olar, amma ən yaxşısı heç nə deməməkdir".