Lamin Yamal "Barselona" və İspaniya millisindəki çıxışı ilə bağlı "Qızıl Top" mükafatına iddiası barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, gənc cinah oyunçusu bu mükafata layiq olub-olmadığı sualına belə cavab verib: "Düşünürəm, bu, məndən asılı deyil, jurnalistlərdən asılıdır. Klubda və milli komandada inanılmaz iş gördüm. Əgər məni mükafatlandırsalar, hər kəsə minnətdar olacağam. Düşünürəm, şansım var".

Yamaldan "Qızıl Top" üçün təşviqat aparmaq istərsə, nə deyəcəyini soruşduqda isə belə cavab verib: "Düşünmürəm ki, "Qızıl Top" üçün kampaniya aparmalıyam. Sizi nəyəsə inandırmağa ehtiyacım yoxdur. Bu il çox yaxşı iş gördüm və sizdən mənə səs verməyinizi xahiş etməyə ehtiyac duymuram".

Usman Dembele-nin onu favoritlər sırasında göstərməməsinə münasibət bildirən Yamal deyib: "O, Kilian Mbappe ilə dostdur, elə deyilmi? (gülür) Düzünü desəm, buna qarşı deyiləm. Bu, normaldır. Dembele ilə münasibətimiz əladır və başqalarını seçməsi təbiidir. İlin necə keçdiyini göstərmək üçün lovğalanmağa ehtiyac yoxdur".