Bu gün Göygöl Olimpiya İdman Kompleksində "Sabah" Futbol Akademiyasının (FA) seçim turları başlanır.
Bu barədə Offsideplus.az saytına məlumat verən akademiyanın rəhbəri Namiq Süleymanov seçim turlarına böyük maraq olduğunu söyləyib.
"Sabah"ın "Azərlotereya" ilə birgə təşkil etdiyi müsabiqə 9-15 yaşlı uşaqlar arasında keçirilir.
N.Süleymanovun bildirdiyinə görə, bu gün ətraf rayonlardan - Qazax, Goranboy, Şəmkir, Ağstafa, Tərtər,Tovuzdan olan uşaqlar bacarıqlarını göstərəcəklər. Sabah isə əsasən Gəncə və Göygöldə yaşayanlar üçün seçimlər baş tutacaq.
"Sabah" FA-nın məşqçiləri Göygöldən sonra Lənkərana gedəcəklər. Bu şəhərdə yerləşən Olimpiya İdman Kompleksi 29-30 apreldə futbolçu olmaq istəyən uşaqların ixtiyarına veriləcək.
Analoji seçimlər Bakıda mayın ortalarında ASCO Arenada keçiriləcək.
Xatırladaq ki, ötən il "Azərlotereya"nın dəstəyi ilə Tərtər, Ağcabədi, Zaqatala, Ağsu, Naftalan, Bərdə, Yevlax, Goranboy və Abşeron rayonlarını əhatə edən seçimlərdə 600-ə yaxın uşaq iştirak edib.