Vaxtaşırı mediada idmançıların, dünya və Avropa çempionlarının, məşhur futbolçuların narkotik vasitələrdən istifadə etdiyi və ya həbs olunduqları haqda məlumatlar yayılır.

Offsideplus.az xəbər verir ki, Mayk Tayson, Eduard Streltsov, Bruno Fernandeş de Souza, Cey Simpson, Tim Montqomeri, Stiv Riddik, Marion Cons kimi şəxsləri bu sıraya daxil etmək olar.

Məsələn, dünya boksunun ən məşhur və qalmaqallı simalarından Mayk Tayson qanun pozuntusuna görə 3 dəfə məhkumluq həyatı yaşayıb. 20 yaşında superağır çəkidə dünya çempionu adını qazanan Tayson 1991-ci ilin iyulunda “Miss Qara Afrika” seçilən 18 yaşlı Dezire Vaşinqonu mehmanxana nömrəsində zorlamaqda ittiham olunub. 1992-nin fevralında məhkəmə Taysonu bu əməli törətməkdə təqsirli bilib və 6 il müddətinə azadlıqdan məhrum edib. 3 illik həbsdən sonra azadlığa buraxılan qaradərili boksçu yenidən çempion titulunu özünə qaytarsa da, ildən-ilə zəif çıxış etməyə başlayır. 1997-ci ildə Evander Holifildlə görüşdə rəqibinin qulağını dişləyən Tayson 1 il müddətinə boks lisenziyasından məhrum edilir və 3 milyon dollar təzminat ödəməyə məcbur olur. O, 1998-də adam döydüyünə görə 3,5 ay müddətinə həbsdə yatır. 2006-cı ildə isə narkotik vasitələrdən istifadə edərək maşın sürdüyü üçün 1 aylıq cəza alır.

Lev Yaşinlə yanaşı, SSRİ-nin ən perspektivli futbolçularından sayılan Eduard Streltsov da törətdiyi cinayətə görə futbolçu karyerasını inkişaf etdirə bilməyib. Bütün ekspertlər perspektivli futbolçunun ulduzunun 1958-ci il dünya çempionatında parlayacağını gözləyirdi. Lakin çempionatın başlamasına bir neçə gün qalmış Streltsov komanda yoldaşları Boris Tatuşin və Mixail Oqonkovla birlikdə sovet milisi tərəfindən həbs olunur. Futbolçulara “zorlama” maddəsi ilə cinayət işi çalışır. Məhkəmə Tatuşinlə Oqonkova bəraət versə də, Streltsovu günahkar bilir və 12 il müddətinə azadlıqdan məhrum edir. 1963-cü il fevralın 4-də, 5 il həbsdə yatdıqdan sonra onu vaxtından əvvəl azad edirlər. 1965-də isə SSRİ-nin futbol rəhbərliyi ona yenidən futbolla məşğul olmağa icazə verir. Lakin karyerasının əsas illərini həbsxanada keçirən Edurad yaşıl meydanlarda əvvəlki uğurunu təkrarlaya bilmir.

Gördüyünüz kimi, dünyada bu məsələyə görə “ilişən”, məhbus həyatı yaşayan yetərincə idmançı, o cümlədən futbolçu olub. Azərbaycanda da eyni aqibəti yaşayan idmançılar var. Bugünlərdə əldə etdiyimiz məlumata görə, vaxtilə “İnter”, “Qarabağ”, “Rəvan” kimi klublarda top qovan, U-21-in şərəfini qoruyan Elnur Abdulov Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Sabiq yarımmüdafiəçi “patı” satdığına görə polis tərəfindən saxlanılıb.

Yeri gəlmişkən, Elnur son günlər Sumqayıtda göz altına alınan yeganə sabiq futbolçu deyil. Yaxın keçmişdə “İnter”, “Simurq”, “Karvan” kimi klublarda çıxış edən, U-21-in şərəfini qoruyan Orxan Rəcəbov da həbs olunub. Hazırda Şüvəlan həbsxanasında dəmir barmaqlıqlar arxasında olan Rəcəbov dələduzluqda suçlanır.

Mənbə: "Futbol+"