Cari mövsüm A Seriyasının aparıcı simasının Kriştiano Ronaldo olması sirr deyil.

İkinci yerə düşünmədən Zlatan İbrahimoviçi qoymaq olar. Oyunu, vurduğu qollar, özünəməxsus açıqlamaları, sosial şəbəkələrdəki aktivliyi - bütün bunlar bu il 40 yaşını qeyd edəcək hücumçunu sevdirməkdədir. 

Offsideplus.az xəbər verir ki, İbrahimoviçin məşhurluğu bir müddətdən sonra səhnəyə çıxmasına səbəb olacaq. Belə ki, məşhur futbolçu İtaliyada, eləcə də Avropada kifayət qədər məşhur olan San-Remo musiqi festivalına dəvət alıb. Ucaboy forvarda 1951-ci ildən keçirilən əfsanəvi festivalın 70 illiyində iştirak etmək təklif olunub, o da razılıq verib. 

Zlatanın müsabiqədə nə edəcəyi sirr saxlanılsa da, bilinən odur ki, martın 2-dən 6-na qədər, yəni 5 gün ərzində hər gün Bakı vaxtı ilə saat 21.40-da səhnədə olacaq. İndiyə qədər adıçəkilən festivalın tarixində bir çox tanınmış futbolçu və məşqçilər izləyicilərin önünə çıxıb. Lakin heç biri 5 gün ard-arda iştirak etməyib. İbrahimoviç bu etməklə ilkə imza atacaq.

Ünlü forvardın qazancı da məlumdur. Səhnəyə hər çıxışına görə 50 min avro alacaq, üstəgəl, təklifi qəbul etdiyi üçün sponsorların verəcəyi 1 milyon avro.