"Yuventus"un və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldu Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) tərəfindən təsis edilən "Globe Soccer Awards" versiyası üzrə 2018-ci ilin ən yaxş futbolçusu seçilib.

Offsideplus.az mükafatın rəsmi saytına istinadən xəbər verir ki, ilin ən yaxşı komandası Madrid "Atletiko"su, ən yaxşı məşqçisi Fransa yığmasının rəhbəri Didye Deşam hesab edilib. Ən yaxşı agent mükafatı Ronaldunun maraqlarını təmsil edən Jorj Mendeşə verilib.

Oyunçu qismində görkəmli karyera mükafatlarına Braziliya yığmasının keçmiş hücumçusu Ronaldo, həmçinin "Yuventus"un xavbeki Blez Matüidi layiq görülüb. Məşqçilər arasında analoji mükafatı Fabio Kapello alıb.