Benin yığmasının qapıçısı Marsel Dandjinu Lionel Messiyə qarşı keçirəcəkləri yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Argentina millisi 7 oktyabrda Benini qəbul edəcək və bu qarşılaşma 39 yaşlı hücumçu üçün yığmadakı son oyun olacaq.

Dandjinu bildirib: "Mənim üçün Lionel Messi futbolun krallarından biridir. Onun oyununu izləyərək böyümüşük. O, sevimli oyunçularımızdan biridir. İndi onunla eyni meydanda oynamaq inanılmazdır. Heç vaxt təsəvvür etməzdim ki, bu baş verəcək, amma artıq reallıqdır. Leo əsl əfsanədir."

Qapıçı əlavə edib: "Tutaq ki, son dəqiqədir, Messi qol vura bilməyib və Argentina penalti qazanır. Messi qarşıma çıxır. Onun vida oyunu olsa da, qapıçı kimi vəzifəm qurtarış etməkdir. Əgər penalti olarsa və Messi zərbə vurarsa, onu dəf etməyə çalışacağam. Hər şey sadədir: bu futboldur. Bəli, biz Messini hörmətlə yola salmağa gəlmişik, amma heç kim bizə onun qol vurmasına icazə verməli olduğumuzu deməyib. Messi onsuz da heç nəyə ehtiyac duymur. Qol vurmaq istəyirsə, bunun üçün əlindən gələni etməlidir."