Masallı Olimpiya İdman Kompleksində U-17 yaş qrupu üzrə yunan-Roma və sərbəst güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib.

Offsideplus.az xəbər verir ki, Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunmuş yarışda 26 komandadan 300-ə yaxın pəhləvan mübarizə aparıb. Turnirin açılış mərasimində AGF-nin baş katibi Pərvin Piriyev və digər rəsmi şəxslər çıxış edərək bu tür yarışların regional futbol və idmanın, xüsusən güləşin inkişafındakı rolunu vurğulayıblar.

Gərgin mübarizənin yekununda yunan-Roma güləşində 10, sərbəst güləşdə isə 5 çəki dərəcəsində qaliblər müəyyənləşib:

Yunan-Roma güləşi: Məhəmməd Musalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı (51 kq), Musa Məmmədov (55 kq), İlkin Qurbanov (60 kq), Eldəniz Allahverdiyev (65 kq), Rəfail Əhədli (71 kq), Zəka Yusubov (80 kq), Ruslan Nuriyev (92 kq) və Məhəmməd Orucov (110 kq) qızıl medal qazanıblar.

Sərbəst güləş: Əli Baloğlanov (51 kq), Ruslan Mirzəyev (60 kq), Ruhid İspərov (65 kq), Siyasət Dadaşov (71 kq) və Tural Eynullayev (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.