Sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi Azərbaycan milli komandasının böyük zəfəri ilə başa çatıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərlik etdiyi millidə Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qızıl, Rübail İbrahimli (70 kq) ilə Sahib Dadaşov (80 kq) isə bürünc medal qazanıblar. 90 xal toplayan yığmamız final mərhələsini birinci pillədə bitirib.

Mövsümün 5 mərhələsinin yekununa əsasən, Vüsal Əliyev karyerasında ikinci dəfə, debütant Əşrəf Aşırov isə ilk dəfə dünya çempionu adını qazanıb. Rübail İbrahimli, Sahib Dadaşov və Camal Feyziyev mövsümü dünya üçüncüsü kimi tamamlayıblar. Ümumilikdə 2 qızıl və 3 bürünc medal əldə edən Azərbaycan millisi tarixində ilk dəfə komanda hesabında dünya çempionu olub.

Uğurlu mövsümün ardından Dünya Güləş Birliyi (UWW) Oyan Nəzərianini çimərlik güləşində ilin ən yaxşı məşqçisi seçib. Mükafatı ona UWW Çimərlik Güləşi Komitəsinin prezidenti Pedro Silva təqdim edib.

Qeyd edək ki, turnirdə ölkəmizi I-S dərəcəli hakim Asif Şirəliyev də təmsil edib.