Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası başa çatıb. 

Offsideplus.az xəbər verir ki, turnirin sonuncu - 11-ci turunda hər iki komandamız uğurlu nəticə göstərib.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kişi yığmamız son turda Serbiyanı 2,5:1,5 hesabı ilə məğlub edib. Bu nəticə ilə xallarını 17-yə çatdıran kişi millimiz Olimpiadanı 5-ci pillədə tamamlayıb.

Turnirin qalibi isə meydan sahibi Özbəkistan yığması olub.

Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovanın təmsil olunduğu qadın yığmamız isə son turda İran komandasını 3:1 hesabı ilə üstələyib.

Yarışı 15 xalla 16-cı yerdə başa vuran qadın millimizin mübarizə apardığı turnirdə Çin yığması çempion adını qazanıb.