“Nəticə ədalətli oldu”.
Offsideplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan millisinin üzvü Mahir Emreli deyib.
Hücumçu Millətlər Liqasının ilk oyununda Litva (1:1) ilə matç haqqında fikirlərini bölüşüb:
“Hər iki komandanın qalib gəlmək şansı var idi. Sadəcə, 100 faizlik qol epizodlarını biz daha çox yaratdıq. Topa daha çox nəzarət edirdik. İkinci hissədə üstünlük bir qədər rəqibə keçdi”.
Matçda fərqlənən Emreli bu qolun onun üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb:
“Qolumun belə bir oyuna təsadüf etməsi mənə xüsusi motivasiya verdi. “Qarabağ”da oynadığım dövrlərdə də belə günlərə çox önəm vermişəm. Bu səbəbdən də qolumu əsgər salamı ilə qeyd etdim. Bilirsiniz ki, məndə müəyyən qədər patriotluq var. Onu gizlədə də bilmirəm. Avropada bu bəyənilməsə də, mən belə insanam. Bu, karyeramda xatırlayacağım ən önəmli qollardan biri olacaq”.
Qeyd edək ki, jurnalistlərin Litva səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilir.


